Vüqar Həşimovun xatirə turniri ilin ilk yarısında keçirilməyəcək

Vüqar Həşimovun xatirə turniri ilin ilk yarısında keçirilməyəcək backend

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan şahmat üzrə ənənəvi "ShamkirChess" turniri bu ilin ilk yarısında keçirilməyəcək.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

O bildirib ki, yarışın ilin ikinci yarısında keçirilmə ehtimalı var: "İlin ilk yarısında yarışın təşkilini görmürük. İlin ikinci yarısında bəlkə nə isə oldu. Dəqiq deyə bilmirəm. Həqiqətən pandemiya ilə bağlı qeyri-müəyyənlikdir və məndə bu məsələ ilə bağlı dəqiq məlumat yoxdur".

Məmmədov "ShamkirChess" "onlayn formatda təşkil edilə bilərmi" sualına belə cavab verib: "Onlayn yarışların nə qədər mənfi cəhətləri var. Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov onlayn oynamağı xoşlamır. Mən də onu başa düşürəm. Kimsə onlaynda özünü daha inamlı hesab edir. Bu da şahmatçının oyun üslubundan, daxili dünyasından, beynində baş verən proseslərdən, yarışa necə hazırlaşmalarından və s. asılıdır. Şahmatçının beyni incə mexanizmdir".

Federasiya rəsmisi bütün imkanlarını səfərbər edərək "ShamkirChess"in bu il gerçəkləşməsi üçün çalışacaqlarını vurğulayıb: "Şəmkirdəki yarışı davamlı şəkildə təşkil etməyə çalışacağıq. Ölkəmizin sərhədləri hələ bağlıdır. Dünyada pandemiya var, Avropa da qapanıb. Artıq mart ayıdır. İlin ilk yarısı üçün necə planlaşdıra bilərik"?

Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 2020-ci ildəki yarış koronavirus səbəbindən baş tutmayıb.

Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 11 yanvar 2014-cü ildə vəfat edib.
Diaspora