Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu - prezident Tahir Gözəl, direktor Əmrah Çəlikəl, veteran futbolçular, məşqçilər, futbolçular dünən işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.
Onlar Cümə məscidini, İmarət stadionunu və komandanın sabiq kapitanı və baş məşqçisi, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.Tahir Gözəl Qol.az-a açıqlamasında səfər haqda təəssüratlarını bölüşüb:
"Möhtəşəm bir sevinc hissi keçirirəm. Biz demək olar ki, 27-28 il bu günün həsrəti ilə yaşadıq. "Qarabağ" klubu olaraq 20 ildən çox Ağdama, İmarət stadionuna olan həsrətimizi hər yerdə dilləndirdik. Almaniyada, İngiltərədə, İspaniyada, "Çelsi", "Atletiko" kimi klubların prezidentləri ilə görüşəndə. Həmin vaxtlar deyirdik ki, biz bir gün qayıdacağıq. 20 il bunu söylədik və artıq bu gün Ağdamdayıq. Ona görə də doğrudan da mənim
üçün tarixi bir gündür".
T.Gözəl "Qarabağ"ın növbəti illərdə Ağdamda baza tikmək və İmarət stadionu bərpa olunduqdan sonra orada çıxış etmək planlarının olub-olmaması barədə sualı belə cavablandırıb:
"Bizim klubun mərkəzi artıq Bakıdadır. Orada çox böyük infrastrukturumuz var. Əlbəttə ki, biz onu boş buraxa bilmərik. Amma mənim arzum və hədəfim odur ki, burada da futbol məktəblərimiz fəaliyyət göstərsin. "Qarabağ"da oynamaq həyəcanını buradakı gənclər də yaşasınlar. Bizim büdcəmiz imkan verdiyi qədər bu bölgədə futbolun inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik".