Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" iyulun 5-də Çində start götürəcək sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edəcək ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunacaq. Bunlar Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Markus Eybeger, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçdir.
Bu gün iştirakçı komandaların təqdimat mərasimi keçirilib. Yarışın proqramına əsasən, sabah Sinin şəhərinin küçələrində baş tutacaq ilk mərhələdə iştirakçılar 121 km məsafə qət edəcəklər.
13 mərhələdən ibarət "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.