Macarıstandan 4 medal

Macarıstandan 4 medal backend

Macarıstanın Debretsen şəhərində boks üzrə İştvan Boşkai beynəlxalq turnirinə yekun vurulub.

QAZİLƏR saytı Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, komandamız yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

52 kq çəki dərəcəsində final görüşü çox maraqlı alınıb. Belə ki, həlledici qarşılaşmada Məsud Yusifzadə və Salman Əlizadə üz-üzə gəliblər. Gənc Yusifzadə təcrübəli Avropa çempionu olan komanda yoldaşını məğlub edərək 1-ci yerə layıq görülüb – 2:0.

75 kq çəki dərəcəsində çıxış edən Xaybulla Musalov da Macarıstandan qızıl medalla dönüb. Milli komandamızın üzvü Macarıstan boksçusu Bamabas Neqi ilə qarşılaşmalı idi. Ancaq rəqib idmançı rinqə çıxmayıb.

Azərbaycan çempionu Elnur Əliyev (64 kq) yarımfinalda Monqolustan təmsilçisi Baatarkhuu Çinzoriqə uduzaraq 3-cü yerlə kifayətlənib.

Yığmamızın heyətində Fərid Ağamoğlanov (56 kq), Elvin İsayev (60 kq) və Rauf Rəhimov (81 kq) mükafatsız qalıblar.

Ümumkomanda hesabında millimiz Macarıstan, Monqolustan və Xorvatiyadan sonra 4-cü yeri tutub.
Diaspora