Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın vaxtında müsbət çıxan 40 dopinq-testin nəticələri gizlədilib.
"Report"un "Inside the Games" nəşrinə istinadən xəbərinə görə, bu barədə məlumat onunla bağlı aparılan istintaq araşdırmasının nəticəsində əksini tapıb.Qeyd olunub ki, macarıstanlı funksionerin rüşvət qarşılığında müdafiə etdiyi həmin idmançıların bəziləri hətta dünya çempionatları və digər beynəlxalq yarışlarda medallar qazanıblar. Bu məlumat sonrakı araşdırma üçün Ümumdünya Antidopinq Agentliyinə göndərilib.
İstintaqı aparan kanadalı müstəntiq Riçard Maklarenin sözlərinə görə, maliyyə sənədlərində IWF-yə daxil olan 10,4 milyon ABŞ dollarının hansı istiqamətdə xərcləndiyi qeyd olunmayıb. Hesabatda göstərilən ən böyük cərimə Azərbaycan Ağır Atletika Federasiyasının ödədiyi 500 000 ABŞ dollarıdır.
Məlumat üçün deyək ki, həmin vəsait 2014-cü ildə Azərbaycanın 9 idmançısının qanında qadağan olunmuş maddə aşkarlandığı üçün IWF-nin hesabına köçürülüb. Lakin bu məbləğ ali qurumun sənədlərində əksini tapmayıb. Bundan əlavə, T.Ayanın Taylanda səfəri zamanı 18 nağd ödəmə yolu ilə ümumilikdə 440 000 ABŞ dollarından çox pul topladığı bildirilir.
Funksioner həmçinin prezident seçkilərində qalib olmaq üçün müxtəlif səlahiyyətli şəxlərə rüşvət verməkdə ittiham olunur. İddiaya görə, o, təkcə özü deyil, İcraiyyə Komitəsinə seçilməli olan tərəfdarları üçün də rüşvət təklif edib.
Barəsindəki ittihamları rədd edən T.Ayan IWF-dəki maliyyə məsələlərinin Direktorlar Şurası tərəfindən qanuni əsaslarla idarə olunduğunu bildirib. O, ömür boyu qanunlara, yazılmış və yazılmamış qaydalara, idman prinsiplərinə hörmət etdiyini vurğulayıb. Macarıstanlı funksioner həmçinin Maklareni ittihamlara tam cavab verməsi üçün onu kifayət qədər məlumatlandırmamaqda günahlandırıb.
Qeyd edək ki, Tamaş Ayan yuxarıda sadalanan səbəblərə görə aprelin ortalarında IWF prezidenti vəzifəsindən tamamilə uzaqlaşdırılıb.