Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UEFA arasında onlayn-konfrans keçirilib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, iki saat yarıma yaxın çəkən danışıqlar mübahisə və yüksək tonda danışıqlarla diqqət çəkib.ÜST koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilin sonunadək beynəlxalq turnirlərin ləğv edilməsini tövsiyə edib. Qurumun iki epidemioloqunun təqdimatından sonra belə addımın vacibliyi qeyd olunub. Mütəxəssislər müxtəlif ssenarilər barədə danışaraq 2021-ci ilin sonunadək ləğvetmələri zəruri sayıb.
Bu tövsiyələrə əməl etmək məcburiyyətində olmayan UEFA ÜST-ün əsasları ilə razılaşmayıb. Çünki tövsiyələrə əməl etmək 2021-ci ilin yayında 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin də ləğvi anlamına gələr.
Nəticədə tərəflər ortaq məxrəcə gəlməyib. UEFA məsələ ilə bağlı əlavə onlayn-məsləhətləşmələr keçirilməsini gözləyir.
Qeyd edək ki, dünən milli assosiasiyalarla da analoji konfrans keçirən UEFA milli çempionatların başa çatdırılması, ardınca avrokubokların da oynanılmasının tərəfdarı olduğunu nümayiş etdirib. Qurum milli komandaların payızdakı oyunlarının da keçirilməsinin mümkünlüyünü bəyan edib.