Bu gün Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına start verilib. Trend-in məlumatına görə, Mingəçevirdə baş tutan yarışın ilk günündə 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər keçiriləcək.
Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfər iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb. O, məsafəni 4 dəqiqə 4,220 saniyəyə qat edib. Finiş xəttini 4-cü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz sabah saat 15:54-də start götürəcək yarımfinalda 4-cü zolaqda mübarizə aparacaq.X X X
Kişilərin 1000 metr məsafəyə kayak yarışlarında 31 idmançı qüvvəsini sınayıb. İlkin mərhələdə 4 yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizəyə başlayıb.
Bu yarışda Almaniya idmançısı birbaşa final mərhələsinə vəsiqə qazanıb. T.Mustafayev isə sonuncu pillədə qərarlaşdığından növbəti mərhələyə keçə bilməyib.
X X X
Yığma komandamızın üzvü İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurla çıxış edib. O, 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb.
İ.Ospienko-Rodomska yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İ.Ospienko-Rodomska ilə yanaşı, Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər.
X X X
İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurlu çıxışını davam etdirib. O, yarımfinal mərhələsində 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək növbəti - final mərhələsinə vəsiqə qazanıb.
İdmançımız finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.
X X X
Digər avarçəkənimiz T.Matviyçuk yarımfinal mərhələsində mübarizəni dayandırıb. Sergey Bezuqlıy - Aleksey Kupin kanoe cütlüyü isə 3:29.489 nəticə ilə finala adlarını yazdıra bilib.