Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurub

Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurub backend

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.



Apasport.az saytının məlumatına görə, son gündə 5 çəki dərəcəsində (61, 74, 86, 92, 125 kq) sərbəst güləşçilər xalçaya çıxıblar.

Hər çəkidə bir pəhləvanımız bürünc medal uğrunda mübarizə aparsa da, onlardan ikisi bunu qazanmağa nail ola bilib.

Milliləşdirilmiş legioner Aslanbek Alborov (92 kq) əvvəlcə təsəlliverici görüşdə Simone Yannattonini (İtaliya) vaxtından əvvəl üstələyib. Təmsilçimiz son dueldə gürcüstanlı İrakli Mtsiturini də 2:0 hesabı ilə məğlub edərək, aktivinə bürünc medal yazdırıb.

125 kq çəki dərəcəsində çıxış edən Azərbaycan pəhləvanı Camaləddin Məhəmmədov 3-cü yer uğrunda mübarizədə Ermənistan təmsilçisi Levan Berianidzedən üstün olub. Təsəlliverici görüşdə Yohannes Ludeşeri (Avstriya) məğlub edən Məhəmmədov son rəqibi olan Ermənistan idmançısına da qalib gəlib. Görüş 2:2 hesabı ilə başa çatsa da, son xalı alan idmançımız qələbə qazanıb. Bununla Camaləddin 4-cü dəfə Avropa çempionatının bürünc medalına yiyələnib.

Bir gün öncə isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala sahib olublar.

Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini 5 medalla (1 gümüş, 4 bürünc) başa vurub. Bu, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən son Avropa çempionatı ilə müqayisədə çox aşağı göstəricidir. Çünki həmin vaxt yığmamız 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

Qitə birinciliyinə 28 güləşçi ilə yollanan Azərbaycan millisinin ümumi medal sayı isə 13 (2-2-9) olub. Yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub.
Diaspora