On iki idman növü üzrə keçirilən yarışların qalibləri növbəti Olimpiya Oyunlarında iştirak fürsəti əldə edəcəklər. QAZİLER.AZ saytı Qol.Az-ın "Bakı-2015" Avropa Oyunlarının saytına istinadən yaydığı xəbərə görə, "Bakı-2015" Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək. Bu idman növlərindən 16-ı Olimpiya idman növüdür. Bunlardan 12-də idmançılar 2016-cı ildə Braziliyanın Rio şəhərində baş tutacaq Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün imkan əldə edəcəklər.
Belə ki, idmançılar mübarizə apardıqları idman növündən asılı olaraq ya birbaşa vəsiqə qazanacaqlar, ya "Rio-2016"nın kvota yerlərindən birinə sahib olmaq üçün ölkələr adına reytinq xalı əldə edəcəklər, ya da Rio 2016-nın təsnifat yarışlarında iştirak hüququna yiyələnəcəklər.
Birbaşa vəsiqə verən idman növləri
Atıcılıq, stolüstü tennis və triatlon yarışlarının qalibləri Rioda keçiriləcək Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edəcək. Stolüstü tennis və triatlon üzrə "Bakı-2015"də keçiriləcək yarışlarda kişi və qadın idmançıların qalibləri bu vəsiqələri özləri üçün təmin edəcəyi halda, atıcılıq yarışlarında qızıl medal qazanmış idmançıların Olimpiya Oyunlarında iştirakına isə yekun qərarı bu ölkələrin Milli Olimpiya Komitələri (MOK) verəcəklər. "Bakı-2015"də atıcılıq üzrə keçiriləcək 15 fərdi yarışın qalibi öz ölkəsinə kvota yeri qazandıracaq.
Kvota yeri üçün reytinq xalı verən idman növləri
Rio 2016-nın kvota yerlərindən birinə sahib olmaq istəyən idmançılar "Bakı-2015"də həmin kvota yeri üçün ölkələri adına reytinq xalı əldə edə biləcəklər. Bu kateqoriyaya aid idman növlərinə kamandan oxatma, velosiped idmanı, cüdo, taekvondo, voleybol və güləş daxildir.
Belə ki, kamandan oxatma yarışlarının qalibi "Rio-2016"da mümkün 128 kvota yerindən birini ölkəsinə qazandırmaq üçün reytinq xalı qazanacaq. Lakin hansı idmançının Olimpiya Oyunlarında iştirak edəcəyinə bu ölkələrin MOK-ları qərar verəcəklər. Eyni qayda velosiped idmanının bütün növlərində və həmçinin cüdo, taekvondo, voleybol və güləşdə də tətbiq olunacaq.
Təsnifat yarışlarına iştirak hüququ verən idman növləri
Atletika, boks və üzgüçülük yarışlarının qalibləri "Rio-2016"nın təsnifat mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Atletika və üzgüçülük yarışlarından fərqli olaraq, boks idmanında qızıl medal sahibi ilə yanaşı Bakı 2015-in gümüş medalçısı və qalibə yarımfinalda məğlub olan idmançı da təsnifat yarışlarında iştirak hüququ əldə edəcək. Belə ki, boks yarışlarında fəxri kürsünün ilk 3 pilləsinə çıxan idmançılar Dohada keçiriləcək Dünya Çempionatında iştirak edə biləcəklər və bu yarışda ən çox reytinq xalı əldə edən idmançı da ölkəsinə bir kvota yeri qazandıracaq.