Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində ilk görüşünü başa vurub.
"Report"un məlumatına görə, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsində Rusiya təmsilçisi Daniil Dubovla üz-üzə gəlib.İlk görüşdə heç-heçə qeydə alınıb - 0,5:0,5. Şahmatçılar arasındakı ikinci duel sabah keçiriləcək. Həmin qarşılaşmada da qalib müəyyənləşməsə, növbəti gün "tay-breyk" olacaq.
Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.