Belçika “Bakı-2015” Avropa Oyunlarında 16 idman növü üzrə 117 idmançı ilə iştirak edəcək - FOTOSESSİYA

Belçika “Bakı-2015” Avropa Oyunlarında 16 idman növü üzrə 117 idmançı ilə iştirak edəcək - FOTOSESSİYA backend

İyunun 2-də Bakıda keçiriləcək I Avropa Oyunlarına yollanacaq Belçika milli komandası Brüssel yaxınlığındakı Hofsteyddə yerləşən “Sportimonium” idman muzeyində mətbuat konfransı keçirib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçika nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında həm də “Azərbaycan - İdman fotoobyektivdə” adlı foto-müsabiqədə seçilmiş və mükafat almış 65 fotoşəkilin eyniadlı sərgisi də təşkil olunub.

APA-nın xəbərinə görə, TEAS-ın Belçika nümayəndəliyinin rəhbəri Mark Vervilghen tədbirdə çıxış edərkən bildirib ki, TEAS Belçika komandasının “Bakı-2015” Avropa Oyunlarında iştirakı ilə əlaqədar bu tədbiri dəstəkləməkdən qürur duyur: “İdman Azərbaycanda böyük əhəmiyyətə malikdir və Azərbaycan mədəniyyətinin zəruri elementlərindən biridir. Avropa Oyunları Bakı üçün mühüm hadisədir. Bununla əlaqədar şəhərdə stadion və arenaların tikintisi aparılıb”.

Belçika nümayəndə heyətinin rəhbəri Gert Van Looy isə qeyd edib ki, son iki ay ərzində “Bakı-2015” Avropa Oyunlarına diqqət daha da artıb: “Çoxlu belçikalı idmançı bu oyunlarda iştirak üçün vəsiqə qazanıb və onların göstəricisi çox yüksəkdir. İdman növlərinin bəziləri “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı verəcək”.

G. Van Looy bu yaxınlarda Bakıda səfərdə olduğunu, orada baş verən hazırlıq işlərindən çox razı qaldığını dilə gətirib: “Bütün stadion və arenalar ən yüksək standartlara uyğun şəkildə qurulub və yarışlara başlamağa hazırdır. Bu oyunlar ilk dəfədir keçirilir. Biz gimnastika, basketbol, cüdo, voleybol, velosiped sürmə və taekvondo kimi idman növlərində yaxşı göstəricilərə ümid edirik”.

Belçika komandasının ictimaiyyətlə əlaqələr rəhbəri Luk Rampaer bildirib: “Oyunlara ev sahibliyi etmək üçün Bakıda iki il ərzində qazanılan uğurlar inanılmazdır. Biz 16 idman növü üzrə müsabiqədə iştirak etmək üçün 117 idmançı aparırıq. Belçika nümayəndə heyəti məşqçilər və fizioterapevtlər də daxil olmaqla 190 nəfərdən ibarət olacaq”.

Nümayəndə heyətinin tərkibində London-2012 Yay Olimpiya Oyunlarının iki medalçısı da olacaq - cüdoçu Charline Van Snick və atıcı Lionel Kox.
Diaspora