Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar backend

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüblər.

Qaziler.az bildirir ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasından bu barədə verilən məlumatda bildirilir ki, yığma komandaya ilk qızıl medalı M-7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Fərhad Rəcəbli qazandırıb. Bu, 60 yaşını Mərakeş Krallığında qeyd edən usta cüdoçumuzun veteranlar arasında dünya çempionatları tarixində sayca 9-cu qızıl medalıdır. Onu da xatırladaq ki, Fərhad Rəcəbli veteranlardan ibarət yığma komandamızın baş məşqçisi, həmçinin usta cüdoçular arasında Avropa çempionatının yeddiqat qalibidir.

Komandamıza digər qızıl medalları isə Məmməd Məmmədov (M-1, 73 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 100 kq) qazandırıblar.

M-2 kateqoriyasında 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev isə yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüb.

Veteranlar arasında ikiqat dünya çempionu Müşfiq Cəfərov (M-5, 73 kq) isə bu dəfə bürünc medalla kifayətlənib.

İdmançılarımızdan Vüsal Cəfərov (M-2, 90 kq) çempionatı beşinci yerdə, Babək Hacıyev (M-3, 60 kq), Yamən Fətiyev və Azər Əsgərov (hər ikisi M-5, 100 kq) yeddici pillədə başa çatdırlıblar.
Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında beşinci yeri tutublar.
Diaspora