İdman Dırmanmasının Açıq Ölkə Çempionatı keçirildi- VDİEO

İdman Dırmanmasının Açıq Ölkə Çempionatı keçirildi- VDİEO backend

İdman Dırmanmasının Sürət Növü üzrə Açıq Ölkə Çempionatı keçirildi. Bir neçə gündən sonra Avropanın diqqəti Azərbaycana yönələcək. Ölkəmiz 17 gün ərzində 20 idman növündə yarışacaq idmançıları qarşılayacaq. İdman bayramı ərəfəsində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və "Qərb Universiteti" İdman Klubunun təşkilatçılığı ilə İdman Dırmanmasının Sürət Növü üzrə Açıq Ölkə Çempionatı keçirilib. Müxtəlif universitet və təşkilatlardan 135 gənc bu yarışda öz gücünü sınayıb.

Yarışların baş hakimi Nizami Mursaqulov bildirib ki, bu, doğrudan da indiki gənclər üçün çox maraqlı idman növüdür: "15 metr hündürlükdə olan divara 15 saniyə qət edən idmançılar var. Həm baxımlı idman növüdür, həm də gənclərin sağlam və vətənpərvər olmaları üçün yaxşı vasitədir. Onlara çətinlikləri, riskə girməyi və qorxunu dəf etməyi öyrətmək istəyirik".

Bu idman növündə əsas məqsəd tez bir zamanda yuxarı qalxaraq əlini hədəfə vurmaqdır. Qaydaları ən tez yerinə yetirən qalib hesab olunur.

FAİREX-in vitse-prezidenti Arzu Mustafayev deyib ki, əvvəllər biz bir neçə gündə dırmanmanın növləri üzrə yarışlar keçirərdik: "İndi bu idman növünə maraq o qədər böyükdür, bura gələn oğlan və qızların sayı o qədər çoxdur ki, artıq biz idman dırmanmamağının hər növü üzrə yarışlar keçiririk. Bu, da bizi çox sevindirir".

İştirakçılar arasında yarışa ilk dəfə qatılanlarla yanaşı, bu yarışda dəfələrlə iştirak edən idmançılar da var idi. İdmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.

Çempionatda komandalararası yarışda ümumi nəticələrə görə “Ekosport” klubu I, “FHN” klubu II, “Rock Stone” klubu isə III yerə çıxıb. İdman Dırmanmasının Sürət Növü üzrə Açıq Ölkə Çempionatının sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.

Diaspora