Su polosu idman növü üzrə Azərbaycan milli komandası İranın Tehran şəhərində keçirilən "5th FINA World Water Polo Development Trophy" beynəlxalq turnirində 5-ci yeri tutub. Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Tehran-2015 beynəlxq turnirinə ümumilikdə dunyanın müxtəlif qitələrindən 10 ölkə qatılıb. Bunlar İran, Küveyt, İndoneziya, Tunis, Azərbaycan, Malta, Uruqvay, Avstriya, Mərakeş və Qvatemala milli komandaları olub.Azərbaycan millisi bu yarışmada Küveyt yığmasını 9:6, Mərakeş yığmasını 17:7 hesabı ilə məğlub edib. İdmançılarımız Uruqvay yığmasına 11:10, Malta yığmasına isə 13:8 hesabı ilə məğlub olduqdan sonra 5-ci yer uğrunda İndoneziya yığması ilə qarşılaşıblar.
Azərbaycan yığma komandası çətin qarşılaşmada İndoneziya yığmasını 10:8 hesabı ilə məğlub edərək beynəlxalq turnirdə 5-ci yeri tutub.
Su polosu idman növü üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Babayevin sözlərinə görə, Tehran-2015 "World Water Polo Development Trophy" beynəlxalq turniri FINA-nın təqvim planına uyğun olaraq keçirilir və bu beynəlxalq turnirə çox güclü komandalar qatılır: "Belə bir mötəbər yarışda 5-ci yer vacib bir nəticədır. Komanda olaraq Bakıda keçiriləcək I Avropa oyunları qabağı biz növbəti dəfə gücümüzü sınadıq. Təbii ki, reytinq və iştirak edəcək komandaların gücü baxımından I Avropa oyunları birinci yerdədir. Burada Avropanın ən güclüləri iştirak edəcək. Amma Tehran 2015-də özü özlüyündə çox vacib və səviyyəlı bir beynəlxalq turnir idi. Mən ümumilikdə komandamın çıxışından razı qaldım".
Məlumat üçün bildirək ki, Tehran-2015 "World Water Polo Development Trophy" beynəlxalq turnirində İran yığması 1, Uruqvay 2, Avstiya 3, Malta yığması isə 4-cü yerə layıq görülüb.