"Qəbələ" İdman Klubunun yeni prezidentinin adına aydınlıq gəlib.
Klubdan verilən məlumata görə, Tale Heydərovun prezident vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub.Bildirilir ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.
Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bunları deyib: "Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacağam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə edib".
Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov isə bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Bilirəm ki, onlar daha da irəli gedəcəklər".