Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub.
Modern.az xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov almaniyalı kikboksçu, məşhur "Nubia Sports" klubunun yetirməsi Kevin Herşlagla (Kevin Heerschlag) rinqə çıxıb. Azərbaycanı təmsil edən "Tank" ləqəbli kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq, üçrəngli bayrağını başı üzərinə qaldırıb.Dünya şöhrətli idmançımız ötən il keçirilmiş turnirdə də məhz almaniyalı kikboksçu üzərində qələbə qazanmışdı.
Qeyd edək ki, X.Əhmədov dünya miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyinə və parlaq qələbələr qazandığına görə Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunub.