Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan Bakıda keçiriləcək Avropa Oyunlarında qalib gələcək erməni idmançılarına veriləcək mükafatın məbləğini açıqlayıb.
Qol.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Rostomyan Avropa Oyunlarında birinci yeri tutacaq idmançıya 50 min dollar mükafat veriləcəyini bildirib.Baş katib eyni zamanda ikinci olan erməni idmançısının 30 min, üçüncü yerin sahibinin isə 20 min dollar qazanacağını vurğulayıb.
"Azərbaycan tərəfi bütün ölkələrin xərclərini təmin edir. Lakin Ermənistan Milli Olimpiya Komitəsinin sədri Qaqik Çarukyan qətiyyətlə bundan imtina etdi və milli komandanın bütün maliyyə xərclərini öz üzərinə götürdü. Hansısa erməni idmançının Bakıya getməyi arzuladığına inanmıram. Bu, sadəcə Avropa Olimpiya Komitəsinin həyata keçirdiyi tədbirdir. Ən əhəmiyyətli idman yarışlarından təcrid də oluna bilərdik. Lakin bizim idman ictimaiyyəti bu yarışlarda iştirak etmək qərarı verdi" - deyə Rostomyan bildirib.
Qeyd edək ki, I Avropa Oyunları 12-28 iyun tarixlərində Bakıda keçiriləcək.