"Təsəvvür edin, maliyyə sıxıntımız olanda mətbuat vasitəsi ilə müraciət etmişdik. Bundan sonra mənimlə erməni diasporunun nümayəndələri əlaqə saxlayaraq bildirdilər ki, bütün maliyyə xərclərimizi ödəməyə hazırdılar, lakin komandanın adı "Artsax" olmalıdır".
Bunu "Report"a müsahibəsində "Qarabağ" (Moskva) futbol klubunun baş məşqcisi Elnur Vəliyev deyib.Komandanı yaratmaqda məqsədinin ilk öncə Qarabağı təbliğ və təqdim etmək olduğunu nəzərə çatdıran E.Vəliyev, indiyədək uğurlarının çox olduğunu deyib:
"Mənim bu komandanı yaratmaqda məqsədim ilk öncə ondan ibarətdir ki, Moskvada Qarabağı təbliğ və təqdim edək. Komandanı 2013-cü il, yanvar ayının 10-da yaratmışıq. Elə həmin il qatıldığımız Moskva üzrə Şərq Divizionunun qalibi, həm də kubokun sahibi olduq. Ondan sonra bizim uğurlu çıxışlarımız çox olub. Sadəcə maliyyə sıxıntılarımız olduğundan, çox da irəli gedə bilmirdik".
Hazırda maliyyə problemlərinin həll olunduğunu, bu səbəbdən də, rəsmi təqdimatın keçirildiyini nəzərə çatdıran baş məşqçi, əsas məqsədin hazırda Rusiyanın peşəkar liqasında "Qarabağ" (Moskva) adı ilə çıxış edib, Azərbaycanı layiqincə təmsil etmək olduğunu vurğulayıb.
Rusiya Humanitar Universitetinin idman zalında keçirilən "Qarabağ" (Moskva) futbol kulubunun təqdimatının rəsmi hissəsində çıxış edən komandanın direktoru Leyla Səmədova, nitqində kluba yardım edən hər kəsə təşəkkürünü bildirərək, "Qarabağ" (Moskva) -nın ümidləri doğruldacağını deyib.
Təqdimat mərasimi təşəkkürnamələrin verilməsi və bədii hissə ilə davam etdirilib.
Rəsmi təqdimatdan sonra Rusiya Milli Mini-Futbol Liqasında Qarabağ ilk oynunu "Lebi" komandasına qarşı keçirib. Nəticə isə 6-6 hesablı heç-heçə ilə başa çatıb.