Bu gün FİFA prezidenti Yozef Blatter “Qarabağ”ı Azərbaycan çempionu adı qazanması münasibəti ilə təbrik edib.
Qol.Az-ın xəbər verdiyi kimi, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu gün “Futbol +” qəzetinə açıqlamasında deyib ki, çempion olmaları münasibəti ilə Yunanıstanın “Olimpiakos” klubundan da kluba təbrik məktubu daxil olub.
Bundan başqa, millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki də Ağdam klubunu çempionluq münasibəti ilə təbrik edib.
Amma maraqlıdır ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan heç biri nə rəsmi saytı, nə də faks vasitəsi ilə “Qarabağ”a təbrik məktubu göndərib. Halbuki komanda çempionluğu hələ çempionatın bitməsinə iki tur qalmış – yəni düz 10 gün əvvəl “Sumqayıt”a qalib gəldiyi oyunda təmin edib.
Başqa ölkələrdə rəqiblərin, hətta əzəli rəqiblərin çempionluğa görə təbrik ünvanlaması bir mədəniyyət göstəricisi sayılır.
Bəs görəsən, bizim klublara nəzakət xatirinə iki cümləlik təbriki yazmağa nə mane olub?