“Bu an üçün “Simurq” Lənkərana getmir. Bu, həm əsas, həm də əvəzedici heyətə aiddir. Amma sabah nə olacağını bilmirik. Hər dəqiqənin öz hökmü var”.
Qol.Az-ın futbolxeber.az saytına istinadən yaydığı xəbərə görə, bunu “Simurq”un baş meneceri Kamran İsmayılov deyib.Klub rəsmisi bildirib ki, komanda faktiki olaraq fəaliyyətini dondurub: “Komanda heç məşq də etmir. Futbolçular evlərinə yollanıblar. Paytaxtda olanlar Bakıya, digər şəhərlərdə yaşayanlar, eləcə də zaqatalalı futbolçular öz evlərinə gediblər. Kompleksdə dünəndən yeməyin verilməsi dayandırılıb. Buna görə də hamı evinə dağılışıb. Əksər futbolçular Lənkərana yollanmağa hazırdırlar. Amma bunun üçün vəsait yoxdur. Nə avtobus təşkil edilib, nə də Lənkəranda otel danışılıb”.
K.İsmayılov klubun gələcəyinin necə olacağı haqda məlumatsız olduğunu qeyd edib: “Biz də mətbuatdan oxuyuruq ki, “Simurq” yaşayacaq. Təbii ki, komandanın dağılmasını heç kim istəməz. Zaqatala futbolsuz qalmamalıdır. Lakin hələ ki, heç bir yenilik yoxdur”.