“Qurban qrup savaşının qurbanı oldu” - “Federasiya ona dəstək vermədi” - ŞƏRH

“Qurban qrup savaşının qurbanı oldu” - “Federasiya ona dəstək vermədi” - ŞƏRH backend

"Qurban Qurbanov millidən istefa vermək istəməyib. O istefaya göndərilib”.

Bu sözləri BakuPost-a açıqlamasında tanınmış idman jurnalisti Aydın Bağırov Qurbanovun futbol üzrə milli komandadan istefasını şərh edərkən deyib. Bildirib ki, bunu göstərən bir neçə amil var: "Bu gün Qurbanov icraiyyə komitəsinin iclasına qatılmazdan əvvəl artıq müzakirələr başlayıbmış. Baş məşqçi olmadan müzakirələrin başlamasının özü nələrisə göstərir. Fikir verin, baş məşqçi icraiyyə komitəsinə hesabat verməlidir, amma o gəlmədən müzakirə başlayır.

Qurban müəllim özü də bu gün açıqlama verib. Deyib ki, onun iki yerdə - "Qarabağ” və millidə işləməsi məsələsi müzakirə olunurdu. AFFA isə göstərir ki, müqavilə qarşılıqlı istək əsasında ləğv edilib. Qurban Qurbanovun açıqlamasından isə bunu əksi görünür. Yəni müqaviləyə AFFA tərəfindən xitam verilib. Qurbanov millidə qalmaq istəsə də, istefaya göndərilib”.



Millinin son məğlubiyyətinin də Qurbanovun istefasına təsir etdiyini deyən jurnalist bunun əsas səbəb olmadığını düşünür: "Son məğlubiyyət, millinin UEFA millətlər liqasına çıxa bilməməsi qərara təsir elədi. Əlbəttə ki, təsir eləməli idi, baş məşqçidən hesabat alınmalı idi. Çünki buna görə çox narazılıqlar var idi.

Əsas səbəbin isə bu məğlubiyyət olduğuna inanmıram. Çünki ilk gündən AFFA-da müəyyən qruplarla Qurban Qurbanov arasında hansısa narazılıqlar var idi. Bu, mediada da tez-tez işıqlandırılırdı. Görünür, bu da rol oynadı. Qurban müəllimə federasiya tərəfdən yetərli dəstək verilmədi. Bu, işin bir tərəfidir.
İkinci tərəfi isə bütün məğlubiyyətlərə rəğmən Berti Foqtsa, Prosineçkiyə bir neçə seçmə mərhələdə iştirak hüququ verildi. Amma Azərbaycan futbol tarixində böyük bir iz qoymuş yerli məşqçiyə cəmi bir seçmə mərhələdə işləmək şansı verildi. Hər halda görünür ki, Qurbanovun getməsi federasiyada müəyyən qrupun maraqları daxilində idi”.

Rəşad Sadıqov və aşağı yaş qruplarının digər baş məşqçilərinin də istefaya göndərildiyi xəbərinə münasibət bildirən A. Bağırov bunun gözlənilən olduğunu deyib: "A milli komandanın, U 17 və digər aşağı yaş qrupların baş məşqçiləri sırf Qurban Qurbanovun məsləhəti ilə təyin olunmuşdu. Qurban müəllim gedəndən sonra onların göndərilməsi hardasa təəccüblü deyil. Rəşad Sadıqovun getməsi məsələsinə gəldikdə isə, o, Qurbanovdan əvvəl təyin olunmuşdu. Amma Qurbanovun getməsindən sonra Rəşad özü də orada qalmazdı. Çünki onların mənəvi bağlılıqları var”.

Jurnalist bu hadisənin "Qarabağ” komandasının fəaliyyətinə müsbət təsir edəcəyini vurğulayıb: "Vaxt məhdudiyyəti var idi və buna görə də "Qarabağ”da müəyyən zəifləmənin olduğu açıq hiss olunurdu. Hesab edirəm, bundan sonra Qurban müəllim bütün enerjisini "Qarabağ”a sərf edəcək və komanda əvvəlki gücünə qayıdacaq".
Diaspora