"Qarabağ" oyuna şəhid övladları ilə çıxacaq

"Qarabağ" oyuna şəhid övladları ilə çıxacaq backend

Bu gün saat 21:55-də 70 min azarkeş tutumu olan Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Qol.az-ın məlumatına görə, “Qarabağ”ın Portuqaliyanın “Sportinq” klubu ilə oyununun başlanğıcı simvolik olacaq.

Qurban Qurbanovun futbolçuları meydana çıxarkən onları Ağdamdan olan məcburi köçkün uşaqlar müşayiət edəcəklər.

“Futbol ulduzları ilə yanaşı, meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxacaq.

Onların arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi - yeddi yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - altı yaşlı Bağırov Əli Elşən oğlu və əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu - 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olacaqlar”, - deyə Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib.

Həmçinin qeyd edilib ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrinin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirməkdir.

“Bu təklif dövlət komitəsi tərəfindən hazırlanıb və “Qarabağ” klubu tərəfindən dəstəklənib. Məlumdur ki, Azərbaycanda idmana xüsusi qayğı var və gənc nəslin idmana marağı gündən-günə artır. Və burada Azərbaycan Prezidenti İlham Əliyev kimi, Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var”, - təşkilatdan bildirilib.
Diaspora