2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, bunlardan biri Slovakiya çempionu "Trençin"dir.Ölkə çempionatının 31-ci turunda səfərdə "Bustrika"ya 1:0 hesabı ilə qalib gələn komanda sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Xalını 71-ə çatdıran "Trençin" ən yaxın izləyicisi "Jilina"nı 8 xal qabaqlayıb.
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki digər potensial rəqibi Moldovanın "Milsami" klubudur. Çempionatın 31-ci turunda evdə "Daçiya"nı 2:1 hesabı ilə məğlub edən "Milsami" tarixində ilkə imza atıb. Moldova çempionatında 31 turdan sonra "Milsami", "Daçiya" və "Şerif" klubları 55 xala malik olsa da, birincilər şəxsi oyunlarda rəqiblərini üstələdikləri üçün tarixində ilk dəfə ölkə çempionu adını qazanıblar.
Çempionlar Liqasına II təsnifat mərhələsindən qoşulacaq həm "Trençin", həm də "Milsami" püşk zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Bu isə o deməkdir ki, hər iki klub "Qarabağ"a rəqib ola bilər.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq.