Topaz Premyer Liqasının 3-cü turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdiriləcək.
Qol.az-ın xəbərinə görə, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi avqustun 25-də keçirilməyəcək. Qarşılaşmanın avqustun 26-ı və ya 27-də keçirilməsi gözlənilir."Qarabağ"ın avqustun 23-də Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə səfər oyunu olduğu üçün bu dəyişiklik nəzərdə tutulub.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, "Qarabağ"dan rəsmi məktub gözlədiklərini deyib.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə Qol.az-a bildirib ki, qaydalara əsasən avrokubok və çempionat matçları arasında 48 saatdan az vaxt olarsa, çempionat oyunu təxirə salına bilər. Klub rəsmisi "Neftçi" ilə oyunun vaxtının dəyişdiriləcəyinin nəzərdə tutulduğunu qeyd edib: "Təqvim Peşəkar Futbol Liqası tərəfindən hazırlanarkən bizim Çempionlar Liqasında iştirak etməyimiz nəzərə alınıb. Bu səbəbdən "Neftçi" ilə oyunumuzun vaxtı avtomatik olaraq dəyişməlidir".
***
Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə Ağdam klubunun müraciətindən sonra “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verildiyini açıqlayıb.
Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.