Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Proqres" erməni futbolçusu Aleksandr Karapetyanı ölkəmizə gətirməyəcək.
Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun meneceri Tomas Qilqemann məlumat verib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən münaqişəyə görə bu addımı atıblar."O, yaxşı fiziki formadadır və Azərbaycana getmək istəyir. Ancuq bu məsələdə qərar futbolçuya yox, bizə məxsusdur. Klub rəhbərliyi futbolçunun təhlükəsizliyini qorumaq və lazımsız riskdən qaçmaq üçün bu addımı atıb".
Lüksemburq mətbuatı 2015-ci ildə Avroliqanın pley-of mərhələsində "Qəbələ" ilə qarşılaşan Dortmund "Borussiyası"nın da eyni səbəbdən həmin vaxt alman klubunun heyətində çıxış edən erməni futbolçu Henrix Mxitaryanı Azərbaycana aparmadığını yazıb.
Xatırladaq ki, "Qəbələ" - "Proqres" oyunu iyulun 12-də Qəbələdə keçiriləcək və saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda olacaq.