Avropa Oyunlarının məşəli mayın 18-də günün ikinci yarısında Ağstafa şəhərinə gətirilib.
ANS PRESS-in məlumatına görə, fəal gənc, karateçi Namiq Həsənov həmyerlilərinin alqış sədaları ilə məşəli qəbul edərək nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayıb. On məşəlçi 3120 metrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti, N.Nərimanov, S.Ağamalıoğlu, H.Arif küçələri ilə hərəkət etməklə Heydər Əliyev parkından keçərək Azərbaycan parkına gəliblər. Sonuncu yürüşçü – güləşçi Nemət İbrahimli parkdakı Gənclər Mərkəzinin qarşısında qurulan səhnəyə qalxaraq məşəli alovlandırıb.Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları ilə rayon ictimaiyyətinə təqdim edilib. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı ağstafalıların bayram sevincini daha da artırıb.