Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ" 2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.Aktivində 11.500 xal olan Qurban Qurbanovun komandası püşk zamanı "Seltik" (Şotlandiya), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), HİK (Finladniya), "Molde" (Norveç), "Videoton" (Macarıstan) və həmçinin Kipr və Danimarka çempionları ilə birgə səpələnmişlər səbətində yer alacaq.
Bu isə o deməkdir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq. "Qarabağ"ın 8 potensial rəqibi artıq bəllidir. Komandanın digər rəqibləri isə hələlik müəyyənləşməyib.
Birinci təsnifat mərhələsindəki 4 cütdən 3-ü "Qarabağ"la qarşılaşa bilər. Lakin Uels çempionu TNS-nin II təsnifat mərhələsində hansı səbətdə yer alacağı məlum deyil. Bu səbəbdən Uels təmsilçisinin növbəti mərhələdə "Qarabağ"a rəqib olub-olmayacağı sual altındadır. Ermənistan çempionu "Pünik"in isə II təsnifat mərhələsində "Qarabağ"a rəqib olmayacağı dəqiqdir.
"Qarabağ"ın 8 potensial rəqibləri bunlardır: "Dila" (Gürcüstan), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta).
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.