İngilislər kimi futbol oynamaq xəyalı ilə liseyin türk şagirdləri tərəfindən qurulmuş “Qalatasaray” Türkiyəyə idmanın bir çox növünü Qərbdən gətirmiş qurumdur.
Kult.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Türkiyədə 19 May - Atatürkü anma, gənclik və spor (idman) bayramı günü kimi qeyd edildiyi gün 1905-ci ildə qurulmuş “Qalatasaray” klubunun idmançıları - futbolçuları növbəti çempionluğunu qazandı:“Qalatasaray idman klubu olmaqdan öncə elm, təhsil ocağıdır. “Qalatasaray” liseyi Osmanlı dövründə (XIX əsrin ikinci yarısı) fransız laisizmi əsasında təhsil verdiyi üçün o vaxtdan bəri Türkiyənin Qərbə açılan qapısı adlandırılır.
“Qalatasaray” futbol klubunun uğurlarında Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri, İstanbulda erməni terrorçusu tərəfindən qətlə yetirilmiş Behbud Xan Cavanşirin eyni adlı nəvəsinin də rolu var. “Qalatasaray” liseyini bitirən və klub tarixinin önəmli simalarından biri olan Behbud Cavanşir Türkiyəni tennis, qılıncoynatma və dağa dərmanma idman növləri ilə ilk tanış edən şəxsiyyətlərdən biridir. O, həm də çox məşhur həkim - tibb professoru olub və 1999-cu ildə vəfat edib”.
Politoloq vurğulayıb ki, Atatürk də Cümhuriyyəti məhz fransız laisizminin prinsipləri əsasında qurmuşdu:
“Maraqlıdır ki, Fransada kilsənin dövlətdən ayrılması haqqında qanun da 1905-ci ildə qəbul olunub. Heç şübhəsiz ki, Qalatasaray öz liseyi, universiteti ilə Cümhuriyyət dövründə Atatürkün müasir mədəniyyət hədəfinə ən böyük töhfə verən qurumlardan biridir. Məncə, bu gün Atatürkün də ruhu şad oldu”.
Qeyd edək ki, “Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.