Bu gün Topaz Premyer Liqasında XXXIV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan üç qarşılaşmadan ikisi bölgələrdə olub.
Günün ilk qarşılaşmasında "Xəzər Lənkəran" öz meydanında AZAL-ı qəbul edib. Nəticəsi heç bir önəm kəsb etməyən qarşılaşma sadəcə rəqiblərin şəxsi münasibətləri üçün əhəmiyyətli ola bilərdi.Oyun minimal hesabla cənubluların xeyrinə başa çatıb. Yeganə qolu "təyyarəçilər"in qapısından kapitan Rahid Əmirquliyev keçirdib.
Əyalətdə baş tutan digər qarşılaşmada isə "Qəbələ" "İnter"i qəbul edib. Ard-arda 10 oyundur məğlub olmayan Roman Qriqorçukun yetirmələrinin seriyası bu dəfə də qırılmayıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyunda komandalar 1 xal qazanıb.
Bu oyuna qədər ardıcıl 5 oyundur qalib gələn "İnter"in seriyasının qırılması isə ən çox "Qarabağ"a sərf edib. "Bankirlər"in xal itkisindən maksimum dərəcədə faydalanan ağdamlılar "Sumqayıt" üzərində qələbə qazanaraq sona 2 tur qalmış ən yaxın izləyicisini 8 xal qabaqlayaraq çempionluğu rəsmiləşdiriblər.
"Baksell Arena"dakı oyunda Leroy Corcun qolu ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri çempionluğu da erkən bayram ediblər.