Monteneqro Olimpiya Komitəsi: Azərbaycan Avropa Oyunlarının ideal təşkilatçısı olacaq

Monteneqro Olimpiya Komitəsi: Azərbaycan Avropa Oyunlarının ideal təşkilatçısı olacaq backend

Azərbaycan Avropa Oyunlarının ideal təşkilatçısı olacaq və gələcəkdə Olimpiya Komitəsinə çox şey təklif edə biləcək. Bunu Trend-ə Monteneqro Olimpiya Komitəsinin prezidenti Dyusan Simonoviç deyib.

Onun sözlərinə görə, Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycana göstərilən böyük etimaddan xəbər verir: "Bakıda bir neçə dəfə olmuşam. Burada gördüklərim mənə gözəl təəssürat bağışladı. Azərbaycan idmanın inkişafına böyük töhfə verir".

D.Simonoviç qeyd edib ki, I Avropa Oyunları qitə üçün əsl idman çağırışı olacaq: "Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıya son səfərində bəyan etdi ki, şəhər unudulmaz tədbiri keçirməyə tam hazırdır. O, həmçinin qeyd etdi ki, Azərbaycan və Monteneqro idman ənənələrinə görə bir-birinə bənzəyir. İdman ənənələri və uğurları baxımından Azərbaycana oxşarlıq görürük".

Komitə prezidenti əlavə edib ki, Azərbaycanda idmanın inkişafına böyük dəstək, idman infrastrukturuna investisiyalar, silsilə ciddi idman yarışlarının uğurla təşkili I Avropa Oyunlarının Bakıda keçirilməsinə əsas verən amillərdir: "Monteneqro I Avropa Oyunlarına ən istedadlı idmançılarını göndərmək niyyətindədir. Nümayəndə heyətimiz 90 nəfərdən ibarətdir, 56 atlet müxtəlif idman növlərində yarışacaq. 650 min nəfərlik kiçik dövlətimiz olsa da, həmişə böyük gözləntilərimiz və nəticələrimiz olub".

O, diqqətə çatdırıb ki, Oyunlar Azərbaycan və Monteneqro arasında əməkdaşlığın dərinləşməsinə və onun daha da inkişafına xidmət edir.
Diaspora