"Qarabağ"ı Çempionlar Liqasında mübarizədən kənarlaşdıran "Zalsburq" iki futbolçunun satışından böyük məbləğdə pul qazanıb.
Avstriya klubu legionerlərini хarici klublara sataraq 23 milyon avro əldə edib."Zalsburq" Kevin Kamplı Dortmund "Borussiya"sına satıb. Almanlar sloveniyalı futbolçu üçün 12 milyon avro ödəyib.
Alan isə Çin çempionu "Quanqzou Evergrande" klubuna keçib. Avstriya klubu bu transferdən 11 milyon avro qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Zalsburq" Bakıda 1:2 hesabı ilə yenilsə də, doğma "divarlar arası"nda iki cavabsız qolla qələbə qazanaraq mərhələ adlayıb - 2:0.
Hər iki futbolçu "Qarabağ"a qarşı oynayıb. Kevin Kampl Bakıdakı matçda 90, Avstriyadakı oyunda 86 dəqiqə meydanda olub. Bakıda meydana çıхmayan Alan isə doğma meydanda 79 dəqiqə forma geyinib.