"Heç kimlə prinsipim yox idi. Ola bilər ki, rəhbərlik az oynamağıma görə belə qərar verdi".
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu "Neftçi" klubu ilə yollarını ayıran futbolçu Rauf Əliyev deyib.R.Əliyev Azərbaycan Premyer Liqasının 33-cü turunda "İnter"ə 0:4 hesablı məğlubiyyətdən sonra əvəzedici komandaya göndərilməklə transferə çıxarılıb. Bu gün isə o, kluba müraciət edərək azad agent statusu alıb.
26 yaşlı hücumçu komandanın əsas heyətinə düşə bilməməsinin səbəbini belə izah edib: "Bunlar bir oyuna görə yox, əvvəllər baş verənlərlə bağlı idi. Meydana çıxmamağımla bağlı baş məşqçi Arif Əsədovla çox danışmışam. Mənə şans verməyəndə onunla söhbət edirdim, amma gördüm ki, xeyri yoxdur".
Əvvəlki oyununu göstərə bilməyən R.Əliyev bunu meydana çıxmaması ilə əlaqələndirib. O bildirib ki, az-az meydana çıxmaqla istənilən oyunu nümayiş etdirmək mümkün olmur: "Beş oyundan bir meydana çıxanda necə olmalıdır? Beş oyundan sonra meydana çıxanda elə bilirsən ki, futbola yeni başlamısan. Nikolas Kanales sonradan qollarını vurdu, amma əvvəllər fərqlənə bilmirdi. Şans ona verildi və oynadı. Oynadıqca formaya düşürsən. Mənə şans verilmədi. Bir oyun oynayanda beşində oynamırdım. Belə olan halda da çətindir. Mən harada oynamışamsa, həmişə daimi üzvə çevrilmişəm. Ona görə də öz oyunumu göstərə bilmişəm".
"Neftçi" ilə normal qaydada ayrıldığını bildirən hücumçu gələcək planlarından da danışıb: "Hələlik bir şey yoxdur. Gələcəkdə bu haqda danışmaq olar. Futbolumuzda maddi baxımdan problemlər var. Yeni komanda ilə bağlı danışıqlar aparılır, amma dəqiq bir şey yoxdur. Əsas məqsədim transfer vərəqəmi götürmək idi. Bundan sonra yeni komanda barədə düşünmək olar".
Qeyd edək ki, Rauf Əliyev "Neftçi" ilə yanvarda 1,5 illik müqavilə bağlamışdı.