Oleq Stepko Azərbaycan bayrağı altında çıxış etməkdən imtina etdi

Oleq Stepko Azərbaycan bayrağı altında çıxış etməkdən imtina etdi backend

O, Azərbaycandan fərqli olaraq, Rusiyada təkcə idman vətəndaşlığı yox, ümumölkə vətəndaşlığı alıb.

Birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edərək uğur qazanan və bununla da tanınan ukraynalı gimnast Oleq Stepko Azərbaycan bayrağı altında çıxış etməkdən imtina edib. O, artıq Rusiya vətəndaşlığı alaraq karyerasını bu ölkədə davam etdirəcək.

Sputnik Azərbaycan Ukrayna mediasına istinadən xəbər verir ki, idmançı televiziya proqramlarından birinə müsahibə verərkən bu faktı təsdiqləyib.

İdmançı Azərbaycanda iştirakı ilə bağlı bunları deyib:

"2013-cü ilin sonlarında mən Ukrayna ilə müqavilə bağlamadım, federasiyanı məlumatlandırıb digər təklifləri nəzərdən keçirdim. Ukraynadan qeydiyyat vərəqəmi alıb Azərbaycana köçdüm.

Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa çempionatında çempion olduqdan sonra əlaqə saxladılar. Dedilər ki, gəlin, bu məsələni ilin sonunadək həll edək. O zaman əlimdən zədə almışdım.

Azərbaycanda məni keyfiyyətli müalicə ilə təmin etdilər. MRT istədim, MRT-yə apardılar. Əməliyyat istədim, əməliyyata göndərdilər. İstədiyim şəraiti yaradırdılar, sığorta, dərmanlar verilirdi, əla səviyyədə məşq təşkil olunurdu".

Ukraniyalı idmançı qeyd edib ki, Ukraynada ona 500-600 dollar əmək haqqı veriblər. Amma Azərbaycanda bu məbləğdən qat-qat çox pul alıb. Stepko Azərbaycanda aldığı maaşı isə açıqlamaq istəməyib.

Maraqlısı odur ki, deyilənə görə idmançı Rusiyada Azərbaycandakından az maaş alacaq.

Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikanın digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medal qazanıb.
Diaspora