“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 17-ci turunun “Kəpəz”lə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, braziliyalı futbolçu 1:0 hesablı qələbəni şərh edib.- Çətin oyun oldu. “Kəpəz” bütün komanda ilə geriyə çəkilmişdi. Çox yaxşı müdafiə olundular. Əks-hücumlara bel bağlayırdılar. Biz isə səbrlə oynadıq. Öz şansımızı gözləyirdik. Əsas olan 3 xalı idi. Onu da qazandıq.
- Qol epizodunda qarışıqlıq yarandı. Maraqlıdır, topu qapıdan Mahir Mədətov keçirdi, yoxsa sən?
- Mahirin zərbəsindən sonra top mənim qarnıma dəyib, qapıya daxil oldu. İkimiz eyni anda müdaxilə etdik. Hələ təkrara baxmamışam. Amma mənim üçün fərq etmir. Mahirin adına yazılıbsa, onu təbrik edirəm. Bizim üçün önəmli olan qələbə idi.
- Niyə qış fasiləsindən sonra komanda qələbə qazanmaqda çətinlik çəkir?
- Çünki digər komandalar hər cəhətdən “artırıblar”. Bizə qarşı daha müdafiəyəmeylli oynayırlar, qapanırlar. Ona görə qol vəziyyətləri yaratçaq çətin olur. Hər dəfə cəhd edirik, rəqibin səhv edəcəyini gözləyirik. Bu baxımdan müəyyən çətinliklər yaranır.
- Artıq ən yaxın izləyiciniz “Qəbələ” ilə xal xərqi 9 oldu. “Qarabağ”ı çempion saymaq olarmı?
- Təbii ki, yox. “Qarabağ”ı indidən çempion hesab etmək olmaz. Qarşıda hələ 11 oyun var. Səfərdə “Sumqayıt”la, evdə isə “Qəbələ” ilə oynayacağıq. Deyərdimki, bizi çətin qarşılaşmalar gözləyir. Addım-addım hədəfə yaxınlaşırıq. Əsas məqsədimiz çempion olmaqdır.