Bu gün Bakı 2015 Əməliyyat Komitəsi Birinci Avropa Oyunlarının Avropanın hüdudlarından kənarda yayımını təmin etmək üçün növbəti televiziya müqaviləsinin imzalandığını açıqladı.
Publika.az xəbər verir ki, bu müqavilə, Kubanın “İnstituto Cubano de Radio y Television” televiziya kanalı (İCRT) ilə bağlanıb.Kanal Kubada 3.8 milyon evi ödənişsiz yayımla təmin edir, eyni zamanda, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayımçısıdır.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bu, Latın Amerikası ölkələri ilə bağladığımız ilk müqavilədir, lakin mən bunun son müqavilə olmayacağına əminəm. Kuba böyük idman tarixinə malik ölkədir və mən İCTR tamaşaçılarının Bakıdakı tədbiri izləməkdən zövq alacaqlarına şübhə etmirəm.
Birinci Avropa Oyunları İCRT-nın Olimpiya Oyunları yayımını mükəmməl şəkildə tamamlayacaq. Bakı 2015 proqramında olan 16 Olimpiya idman növündən 12-si Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edəcək, bu isə Oyunlar arasındakı ahəngin göstəricisidir”.
Kuba Avropa Oyunlarının geniş yayımını həyata keçirəcək digər ölkələr - Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulur.
İCRT tərkibində olan “Canal Tele Rebelde”nin baş direktoru Roberto Qonzales əlavə edib: “Mən Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminəm. Bizim tamaşaçılarımızın idmana böyük sevgisi var və Bakı 2015 Avropa Oyunları bizim mötəbər beynəlxalq idman yarışları portfelimizdə Olimpiya Oyunları ilə yanaşı, idmana maraq yaradılmasında mühüm rol oynayacaq”.