UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən «Roma» - «Qarabağ» matçından sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb:- Futbolçularımı təbrik edirəm. İstərdik ki, məğlub olmayaq. Amma 1 qol oyunun taleyini həll etdi.
- Qrup mərhələsindəki çıxışınızdan razı qaldınız?
- «Çelsi» ilə ilk oyunu nəzərə almasaq, komandanın çıxışından razı qaldım. Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik. Bəzi məqamlarda alınan qırmızı kartlar olmasaydı, daha çox xal toplaya bilərdik. Həm də təcrübə öz sözünü dedi.
- Ramil Şeydayev və Ağabala Ramazanovu oyuna buraxmağınızı onlara da şans vermək kimi qəbul edək, yoxsa oyunun gedişini dəyişmək?
- Hər ikisini oyunun gedişini dəyişmək üçün meydana buraxdım. Mahirlə Dino çox güc sərf etmişdi və oyunda sürəti artırmaq üçün onları əvəzlədim.
- Komandanın 3 oyunda qırmızı vərəqə almasaydı, qrupdakı mövqeyi fərqli ola bilərdimi?
- Bizim kimi komandada nə qədər çox futbolçu olsa, variantlarımız, xal toplamaq imkanlarımız da çox olacaqdı.
- Rəşad Sadıqov, Bədavi Hüseynov və Ansi Aqollinin yoxluğunda müdafiə xəttinin çıxışı sizi razı saldımı?
- Müdafiədə diqqətli oynadılar. Futbolçuların, əsas da müdafiəçilərin çıxışından razı qaldım. Sadəcə, onlar bəzi epizodlarda hücuma qoşulmaq sarıdan problem yaşadı.