Avropa birinciliyindən 2 qızıl, 2 gümüş, 4 bürünc medal

Avropa birinciliyindən 2 qızıl, 2 gümüş, 4 bürünc medal backend

Bugünlərdə Rusiyanın Medin şəhərində universal döyüş üzrə 6-13 yaşlı idmançılar arasında Avropa birinciliyi keçirilib.

Azərbaycan Universal Döyüş Federasiyasından Qol.Az-a verilən xəbərə görə, 12 ölkədən 220 idmançının iştirak etdiyi yarışda ölkəmizi universal döyüş üzrə milli komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 10 idmançı təmsil edib. Təmsilçilərimiz uğurla çıxış edərək vətənə 2 qızıl, 2 gümüş, 4 bürünc medalla dönüblər.

Rahim İsmayılov (24 kq, 8-9 yaş) və Elvin Abdullazadə (50 kq, 12-13 yaş) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Rahim yarımfinalda Finlandiya, finalda isə Rusiya idmançısına qalib gəlib. Elvin isə bu mərhələlərdə müvafiq olaraq boqarıstanlı və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdırıb.

Komandamızın digər üzvləri Nicat Məmmədov (55 kq) və Nərgiz Cəfərova (40 kq) 12-13 yaşlı idmançılar arasında gümüş medallara sahib çıxıblar. Bu yaş qrupunda daha bir idmançımız, Emin Fətullayev (45 kq) bürünc medal əldə edib. İsmayıl Məlikov (35 kq, 10-11 yaş), Uğur Əlizədə (40 kq, 10-11 yaş), Aydın Dadaşov (30 kq, 8-9 yaş) bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, bu, universal döyüşçülərimizin 2015-ci ildə qatıldığı ilk Avropa birinciliyidir.

Xatırladaq ki, aprelin sonunda Ağdamda keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan komandası birinci olmuşdu.
Diaspora