"Keşlə" klubunun futbolçuları Niami Hacıyev və Mirhüseyn Seyidov saxlanılıblar.
Məlumatı Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, sözügedən futbolçular danışılmış oyunlarda şübhəli bilindikləri üçün hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.“Biz də dünən eşitmişik. Amma harada saxlandıqlarını bilmirik. Məsələ dəqiqləşsin, rəsmi açıqlama verəcəyik”.
Qeyd edək ki, Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılmaları xəbərini ilk dəfə futbolinfo.az saytı yazıb.
Əlavə edək ki, sözügedən oyunçular Topaz Premyer Liqanın 8-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matçda şübhəli bilinirlər. "Keşlə"nin baş məşqçisi Ramiz Məmmədov "Neftçi" ilə görüşdən sonra “məğlubiyyətin səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözlərini işlətmişdi.