Qadın voleybolçular arasında Azərbaycan çempionu “Rabitə”də baş məşqçi dəyişikliyi olub. QAZİLƏR.AZ saytının Apasport.az saytına istinadla verdiyi məlumata görə, Bakı klubu mövsümün əvvəlində müqavilə bağladığı serbiyalı Dejan Brdjoviçlə yollarını ayırıb.
Buna “Rabitə”nin Çempionlar Liqasında və Azərbaycan Super Liqasında zəif çıxışı səbəb olub.Komanda rəhbərliyi 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı şəkildə xitam verdikdən dərhal sonra onun həmyerlisi Zoran Qayiçlə razılıq əldə edib. 2011/2012 mövsümündə “Rabitə”də çalışan, komandanı dünya və Azərbaycan çempionu edən Sidney Olimpiadasının qalibi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 57 yaşlı təcrübəli mütəxəssisin qarşısına Bakı təmsilçisini Super Liqada və CEV kubokunda qızıl medallara daşımaq tapşırığı qoyulub. Qeyd edək ki, Qayiç 2011-ci ildə olduğu kimi yenə də baş məşqçi postunda həmyerlisi Brdjoviçi əvəzləyib.