"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda İngiltərənin "Çelsi” komandasına qarşı Bakıda keçiriləcək oyun ərəfəsinə mətbuat konfransı təşkil edib.
Qol.az-ın xəbərinə görə, o qeyd edib ki, komandası ağır oyuna hazırlaşır:- Həm bizim, həm də rəqib üçün vacib matçdır. Hər şeyi başa düşürük. Rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Bakıdakı son matçımızdır.
- Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?
- Əlimizdə olan digər futbolçulardan yararlanmağa çalışacağıq. Pedro barədə düşünmürük. Daninin durumuna isə oyuna qədər bilinəcək. Vəziyyəti normaldır.
- Qışda heyəti gücləndirmək üçün müdafiəçi transfer edəcəksiniz? Əksəriyyəti yaşlıdır.
- Yaşa baxmıram. Mənim hər bir yaşlı oyunçum digərlərinə nümunədir. Hazırda yalnız sabahkı oyun barədə düşünürük.
- “Çelsi” ilə ilk oyunda İbrahim Şehiç gərginlikdə idi və səhvlər etdi. Bu, onun və ya digərləri üçün sabahkı matçda problem yarada bilərmi?
- Komandamda olan hər bir oyunçu mənim üçün önəmlidir. Onların hamısına güvənirəm. İki heyətlə oynamağa, klub kimi formalaşmağa bizə hələ uzun illər lazımdır.
- “Qarabağ”ın 2 xal toplaması və Avropa Liqasına yollanmaq imkanı komandaya əlavə təzyiq yaratmır ki?
- Təzyiq həmişə olur. Bu, bir nömrəli turnirdir. Azarkeşlər daha yaxşı nəticə gözləyirlər. Təzyiq həmişə olur, normaldır. Lakin vəziyyəti də düzgün qiymətləndirməliyik. Biz "Çelsi”yə qarşı oynayırıq. Konte də deyib ki, bu görüş onlar üçün mövsümün ən önəmli oyunudur. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Bu komandanın nöqsanını görə bilmərsiz. Meydanda düşünülmüş şəkildə hərəkət edirlər. Futbolçularıma güvənirəm. Rəqib oyunun gedişatında çox dəyişiklilərə əl atır. Biz üçüncü yer haqda yox, məğlub olsaq, belə azarkeşlərimizin razı getməsi barədə düşünürük.
- Futbolçuların ilk oyundakı 0:6 hesablı məğlubiyyəti nəzərə alsaq, bu, qarşıdakı matçda futbolçularınızda həyəcan yaratmayacaq ki?
- Futbol elə səviyyəyə gəlib ki, 0:6 hesabı çox oyunlarda olur. Şehiçdən çox sual verilir. Mən də baş məşqçi kimi 0:6 uduzmuşam. Onda gərək məni də köməkçilərim əvəzləyə.