Rusiya Prezidenti Vladimir Putin qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi, həmvətənimiz İlqar Məmmədova RF-nin dövlət mükafatını - “Şərəf” ordenini təqdim edib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Moskva Kremlində Rusiyanın dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
Həmin gün “Qazprom” şirkətinin başçısı Aleksey Millerə, Dağıstan Respublikasının keçmiş başçısı Ramazan Abdulatipova, müğənni Filip Kirkorova və başqa görkəmli şəxslərə də mükafatlar təqdim edilib.
V.Putin çıxışında bildirib ki, mükafatlandırılan şəxslərin hamısı öz borcunu yerinə yetirir, nailiyyətləri ilə kifayətlənməyərək, qarşılarına yeni məqsəd və vəzifələr qoyurlar. O deyib: “Bugünkü mərasimin iştirakçılarından birinin – qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədovun bu gün həm də ad günüdür. Biz sizi bu bayram münasibətilə ürəkdən təbrik edirik”.
Yüksək mükafata görə təşəkkürünü bildirən İ.Məmmədov vurğulayıb ki, bu, bütün komandanın qələbəsidir.
Xatırladaq ki, komanda yarışlarında ikiqat Olimpiya çempionu, SSRİ –nin Əməkdar İdman Ustası, Rusiyanın Əməkdar Məşqçisi, komanda yarışlarında 1989-cu ilin dünya çempionudur. O, 2012-ci ilin oktyabrından qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisidir.