Belarusun Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək yığma komandasının heyəti təsdiqlənib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, komandaya 153 idmançı və 54 məşqçi daxil edilib.Belarus idmançıları akrobatika, boks, sərbəst və yunan-Roma güləşi, velosiped idmanı (VMX və şose), çimərlik voleybolu, gimnastika, baydarka və kanoyedə avarçəkmə, cüdo, üzgüçülük, suya tullanma, batut üzərində tullanma, kamandan oxatma, güllə atıcılığı, stolüstü tennis, triatlon, qılıncoynatma, badminton, karate, sambo, taekvando üzrə yarışacaqlar.
“Bakı-2015”də iştirak edəcək heyətin siyahısında bədii gimnastika üzrə Belarus milli komandasının ən güclü idmançıları Melitina Stanyuta və Yekaterina Qalkina, Olimpiya çempionları Aleksandr və Andrey Boqdanoviçlər (kanoe), Vadim Maxnev və Roman Petruşenko (baydarka), Sergey Martınov və Konstantin Lukaşik (güllə atıcılığı) yer alıblar.
Yerli mütəxəssislərin proqnozlarına görə, Belarus atletləri Azərbaycan paytaxtında 35 medal uğrunda mübarizə aparmaq iqtidarındadırlar.
Belarus idmançılarının birinci qrupu Bakıya iyunun 10-da gələcək.