AÇ-2017: Ukrayna Rusiya qarşısında son anda büdrədi

AÇ-2017: Ukrayna Rusiya qarşısında son anda büdrədi backend

Bu gün Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatının ilk oyunu keçirilib.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan ilk oyunda Ukrayna və Rusiya yığmaları qarşılaşıblar.

İlk set 18:25 hesabı ilə rusiyalı voleybolçuların xeyrinə başa çatıb. Lakin ikinci setdə ukraynalılar bərabərliyi təmin ediblər - 25:20. Üçüncü setdə Rusiya təmsilçiləri təşəbbüsü yenidən ələ alıblar - 23:25. Dördüncü set də gərgin keçib. Ukrayna yığması hesabı yenidən bərabərləşdirib - 25:23.

Sonuncu setdə isə sonuncu Avropa çempionu Rusiya üstün olub - 13:15 (2:3)

Qeyd edək ki, Azərbaycanda və Gürcüstanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi keçirilir.

Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.
Diaspora