Sentyabrın 20-də Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib.
Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub. Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.
Yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar. Qızıl medalı millimizin aktivinə Qalib Əliyev yazdırıb. Sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalında amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
Güləşçimiz Türkan Nəsirova (48 kq) Çin idmançısı Jou Çengçengi 8:5 hesabı ilə məğlub edərək gümüş medala sahib olub.
İlk görüşdə məğlub olan Tatyana Varantsova isə mübarizəni dayandırıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxildir.