UEFA-nın rəsmi saytı Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda “Qarabağ” komandasının İngiltərədə “Çelsi”yə qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.
Qaziler.az “Report”-a istinadən xəbər verir ki, yazıda London təmsilçisinin qitənin ən nüfuzlu klub turnirindəki uğurları və Ağdam komandasının debütant olması vurğulanıb. Bildirilir ki, ötən mövsüm avrokuboklardan kənar qalan “Çelsi” 15-ci dəfə ÇL-in qrup mərhələsində mübarizə aparacağı halda, “Qarabağ” debütantdır. Lakin Ağdam təmsilçisi son 3 mövsümdə Avropa Liqasının qrup mərhələsində çıxış edib.Çelsi
2016/2017 mövsümündə 6-cı dəfə İngiltərə Premyer Liqasının qalibi olan “zadəganlar” tarixlərində ilk dəfə Azərbaycan təmsilçisi ilə üz-üzə gələcəklər.
2012-ci ildə ÇL-in qalibi olan “Çelsi” 2015/2016 mövsümündə 1/8 finalda ardıcıl ikinci il Fransanın PSJ klubuna məğlub olub.
Ötən mövsüm istisna olmaqla, “Çelsi” sonuncu dəfə avrokuboklarda 1996/1997 mövsümündə iştirak etməyib. London təmsilçisi 2003/2004 mövsümündən etibarən ÇL-in qrup mərhələsində mübarizə aparıb.
Londonlular yalnız 2012/2013 mövsümündə ÇL-də 1/8 finala vəsiqə qazana bilməyərək, mübarizəni Avropa Liqasında davam etdiriblər və turnirin qalibi olublar.
“Zadəganlar” ÇL-də sonuncu dəfə evdə PSJ-yə uduzmaqla, 7 oyunluq məğlubiyyətsizlik seriyasına son veriblər.
Qarabağ
Azərbaycan klubu ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” buna Gürcüstan “Samtredia”sını (5:0, 1:0), Moldova “Şerif”ini (0:0, 2:1) və Danimarka “Kopenhagen”ini (1:0, 1:2) mübarizədən kənarlaşdırmaqla nail olub.
Bu, “Qarabağ”ın ÇL-də 4-cü mövsümüdür. Azərbaycan komandası əvvəlki 3 mövsümdə III təsnifat mərhələsində uduzub.
Bakıda məskunlaşmış komanda 2016/2017 mövsümündə ardıcıl 3-cü mövsüm ÇL-də mübarizəni dayandırsa da, elə 3-cü dəfə Avropa Liqasının qrupuna düşüb. Buna rəğmən, Azərbaycan təmsilçisi heç vaxt 1/16 finala vəsiqə qazanmayıb.
“Qarabağ” 2016/2017 mövsümündə 5-ci dəfə Azərbaycan Premyer Liqasının qalibi olduqdan sonra ÇL-in qrupuna vəsiqə qazanıb.
“Qarabağ” Danimarkada “Kopenhagen”ə məğlub olana qədər səfərdə keçirdiyi 11 oyundan yalnız 2-də qalib gəlib.
Məşqçi və futbolçu əlaqələri
“Qarabağ”ın ukraynalı qapıçısı Anton Kanibolotski ilə “Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Villian 2012/2013 mövsümündə Ukrayna “Şaxtyor”unda komanda yoldaşı olublar.
“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Miçel İngiltərə Premyer Liqasında “Birmingem”in heyətində “Çelsi”yə qarşı oynayıb. O, komandasının 0:3 hesabı ilə uduzduğu görüşün 72-ci dəqiqəsində əvəzlənib.
“Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya yığmasının sükanı arxasında 2016-cı il Avropa çempionatın seçmə qrup mərhələsində Azərbaycan millisi ilə üz-üzə gəlib və hər iki görüşdə qələbə qazanıb – evdə 2:1, səfərdə 3:1.
Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Rahid Əmirquliyev Azərbaycan millisinin heyətində Palermoda baş tutan ilk matçda iştirak ediblər. Elvin Yunuszadə və Ağabala Ramazanov isə ehtiyatda qalıblar.
Bakıdakı görüşdə isə Bədavi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Maksim Medvedev, Arif Daşdəmirov və Əfran İsmayılov ilk “11-lik”də yer alıblar. Hüseynov həmin matçın 88-ci dəqiqəsində qırmızı vərəqə görüb.
Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford Bric" stadionunda keçiriləcək "Çelsi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.