Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, VII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.Azərbaycan millisi Norveç yığması ilə qarşılaşacaq. Komandamız səfər oyununu Skandinaviyada keçirəcək.
Ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Millimiz Bakıda məğlub etdiyi rəqibi Osloda da xalsız qoymaq niyyətindədi.
Komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca üç dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.
Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcək. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməyib. Hesabında artıq 2 qələbə olan yığmamız Norveçdəki uğur sayəsində 3-cü sıraya yüksəlmək şansı qazanacaq. Çexiyanın səfərdə güclü Şimali İrlandiya ilə görüşəcəyini nəzərə alsaq, irəliləmək şansı böyükdü.
Komandamız uduzsa, mövqeyini əldən verəcək. Çünki xal hesabında yığmamıza çatacaq skandinaviyalılar əlavə göstəricilərdə 4-cü sıranı ələ alacaq. Bunun üçün də Prosineçkinin yetirmələri ən azı 1 xal qazanmalıdı.
Qeyd edək ki, “Ulleval” stadionundakı oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
DÇ-2018-in seçmə mərhələsi
1 sentyabr
22:45. Norveç – Azərbaycan
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marçin Bonek, David Qolis
Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)
Hakim-inspektor: Con Peter (İngiltərə)
Komissar: Nikolae Kamelia (Rumıniya)
Oslo. “Ulleval” stadionu