Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev karyerasını “Qarabağ”da davam etdirməyə yaxındır.
Qol.az-ın xəbərinə görə, Slovakiyanın “Jilina” klubundan ayrılan futbolçu özü Ağdam klubu ilə bütün məsələlərdə razılığa gəlib.Qeyd edək ki, Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsus olduğundan son olaraq bu klubun razılığını almaq qalıb. Bu baş verərsə, millimizin 20 yaşlı hücumçusu “Qarabağ”da icarə qaydasında çıxış edəcək. Hələlik klubların maddi məsələdə tam razılığa gələ bilmədiyi iddia olunur.
Məsələ ilə bağlı hələlik "Qarabağ" rəsmilərinin mövqeyini öyrənmək mümkün olmayıb.
“Trabzonspor”un Ahmet Çubukçu isə “Qafqazinfo”ya açıqlamasında Ramillə bağlı “Qarabağ”la danışıqlar apardıqlarını təsdiqləyib: “Bəli, “Qarabağ” Ramili bizdən istədi. Hazırda danışıqlar gedir. Klubumuzun prezidenti “Qarabağ” rəhbərliyi ilə görüşür”.
Qeyd edək ki, bu gün Avropada transfer pəncərəsinin son günü olduğundan bu keçid bu gün ərzində həll olunmalıdır.