Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qaziler.az-a verilən xəbərə görə, bu gün Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək. İlk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar.
Bakı vaxı ilə saat 11:21-də 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüşdə Anatoli Melnik start xəttinə çıxacaq. Onun rəqibləri Ceyms Stayan (Böyük Britaniya), Sergiu Cratsyun (İtaliya), Kristof Sabo (Macarıstan), Martin Fuksa (Çexiya) və Straxinya Mladejiç (Serbiya) olacaq. Finişə hamıdan öndə çatan kanoeçi birbaşa əsas finala (Final A) vəsiqə, sonrakı yerləri tutanlar isə yarımfinala vəsiqə qazanacaq.Saat 12:27-də Sergey Bezuqlıy - Aleksey Kupin dueti mübarizəyə başlayacaq. 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşdə rəqiblər Matyö Bönyo - Adrian Bart (Fransa), Yaroslav Radon Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov - İlya Pervuxin (Rusiya), Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus), Dmitri Yançuk - Taras Mişçik (Ukrayna) və vaxtilə Azərbaycan yığmasında çıxış etmiş Nikolay Matviyçuk - Adnan Əliyev (Türkiyə) dueti olacaq. İlk 3 yeri tutanlar birbaşa əsas finala (Final A), 4 - 7-ci yeri tutanlar və 8-ci yerin sahibləri arasında ən yaxşı duet yarımfinala yüksələcək.
Saat 16:05-də kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə ilk yürüşünü edəcək. Onun rəqibləri Zoya Manayeva (Moldova), İrena Burqo (İtaliya), Rebeka Saymon (Böyük Britaniya), Flora Nagi (Macarıstan), Yelena Teryoxova (Rusiya), Svetlana Rımkeviç (Ukrayna), Volqa Xudjenko (Belarus), Mira Larsen (Norveç) olacaq. Yürüşün qalibi birbaşa əsas finala (Final A), 2 - 7-ci yerləri tutanlar yarımfinala yüksələcəklər.
Saat 16:23-də Anatoli Melnik yenidən start xəttinə çıxacaq. Bu dəfə o, 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşə qatılacaq. Onun rəqibləri Henrikas Justautas (Litva), Nikolae Kratsyun (İtaliya), Matej Rusnak (Slovakiya), Pavel Altuxov (Ukrayna), Martin Fuksa (Çexiya), Mixail Pavlov (Rusiya), Kondrat Petre (Rumıniya), Romen Bönyo (Fransa) olacaq. İlk 3 yeri tutanlar birbaşa əsas finala, 4 - 7-ci yerlərin sahibləri və 8-ci yeri tutanlardan ən yaxşısı yarımfinala vəsiqə qazanacaq.
Saat 16:47-də isə Mirnazim Cavadov 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri Siriy Kar (Fransa), Deyan Pajiç (Serbiya), Dmitri Yekimov (Rusiya), Ştefan Domeysen (İsveçrə) və Bram Brandjes (Hollandiya) olacaq. Yürüşün qalibi birbaşa əsas finala (Final A), sonrakı yerləri tutanlar yarımfinala çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatına mayın 3-də yekun vurulacaq.