Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" bu gün cavab oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu səfərdə "Kopenhagen"lə qarşılaşacaq.
Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu hesab cavab oyunu öncəsi "Qarabağ"ın Azərbaycan futbol tarixinə Çempionlar Liqasının qrup mərhələsindəki ilk komanda kimi düşmək şansını artırır. Belə ki, səfərdə istənilən hesablı heç-heçə, hətta minimal fərqli, amma qollu məğlubiyyət də təmsilçimizin lehinə olacaq.
Ağdam klubu Danimarkaya yüksək əhval-ruhiyyə ilə yollanıb. "Qarabağ" 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənib.
Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında isə 60-cı sınağı olacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
23 avqust
22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Mallenko
Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. “Tella Parken” stadionu
İlk oyun – 0:1