Bir neçə gün bundan əvvəl Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal alması hər iki qardaş ölkənin ümumi sevincinə çevrildi.
Doğrudur, ortada təəssüfləndirici meyarlar da var idi ki, bu da xüsusilə Azərbaycan mediasında işıqlandırıldı.Qeyd edək ki, dünyanın 100 metr məsafəni 10 saniyədən az müddətə qaçan ikinci ağdərili sprinti olan Ramil Quliyev 2011-ci ilə qədər ölkəmizin şərəfini qoruyub.
Bir çox beynəlxalq yarışlarda, hətta 2008-ci il Pekin Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Lakin sonradan müəyyən anlaşılmazlıqlar yarandı ki, atletimiz məhz ondan sonra qardaş ölkə üçün yarışmağa başladı. Həmin meyarlara toxunmaq fikrimiz yoxdu.
Zatən, atletin özü ötən il Yay Olimpiya Oyunları ərəfəsində "Socrates" jurnalına müsahibəsində bu detallara varmışdı: “Federasiya normal toplanış təşkil etmirdi, masajist yox idi, həkim yardımı ala bilmirdim, həmçinin vitamin və fizioterapevt problemləri... Sıfır dəstək. Azərbaycanda professional karyeramı davam etdirməyim imkansız görünürdü. Əslində, başqa bir ölkəyə üz tutmaq kimi bir fikrim yox idi amma məni məcbur elədilər. Türkiyədə isə mənimlə yaxşı davrandılar..."
Əfsuslar olsun ki, Ramil Quliyev dən də savayı vətəni tərke dib xarici ölkənin bayrağı altında çıxış edən idmançılar var. Elə ötən Yay Olimpiya Oyunları zamanı ağır atlet Nicat Rəhimovun çempionluğunu misal gətirə bilərik. Bu haqda az sonra… Hələlik isə daha əvvəlki tarixə baxaq:
Kamandar Məcidov: Yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu olub. 1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olan idmançı 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunur.
1983-cü ildə isə Minsk şəhərinə köçərək, Belarus Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlayır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunan turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilir.1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülür.Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir. Güləş üzrə Belarus yığma komandasının məşqçisidir.
Valeri Belenki - 14 yaşında SSRİ yığmasına dəvət edilib. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və kubokunun sahibi olub. 1989-cu ildə dünya çempionu adını qazanıb. Cəmi bir il sonra ABŞ-ın Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda və halqalarda qızıl, atda və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc mükafata sahib çıxıb. 1991-ci ildə dünya kubokunu qazanan Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında MDB komandasının tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə üçüncü yeri tutub. Bu yarışdan sonra Azərbaycandan ayrılan Belenki 1995-ci ildə Almaniya yığmasının heyətində Avropa çempionatının bürünc mükafatını, atla yarışlarda isə qitə çempionu adını qazanıb.
İlqar Məmmədov - 1965-ci ildə Bakıda anadan olub. 11 yaşına qədər musiqi ilə maraqlanıb. 11 yaşından qılınc oynatma ilə məşğul olmağa başlayıb. Rapira ilə qılınc oynatma üzrə əməkdar idman ustasıdır. 1987-ci ildə Rusiyaya köçərək, MOİK idman cəmiyyətində ikiqat olimpiya çempionu Mark Midlerin rəhbərliyi ilə məşqlərə başlayır. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medala sahib olur. 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Rusiyaya qızıl medal qazandırır. 1999-cu ildən məşqçi fəaliyyətinə başlayıb. Bir qədər sonra ABŞ-na köçsə də bir müddət orda yaşadıqdan sonra geri dönüb.
İlqar Məmmədov hazırda Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi postunda çalışır. Sonuncu olpimpiya oyunlarında onun iki yetirməsi qızıl medal qazanıb. Emil Baku və Rüfət Baku- 1972-ci ildə Bakıda doğulan Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə "Baku" ləqəbini seçib. Burada xüsusi olaraq qeyd edək ki, xaricdə peşəkar boksla məşğul olan qardaşlar gər zaman döyüşlərə Azərbaycan bayrağı ilə çıxıb, qələbədən sonra bizim bayraqla rinqdə dövrə vurublar. Təəssüflər olsun ki, “Baku” qardaşlarının böyüyü- Emil bir müddət bundan öncə dünyasını dəyişdi. Məşhur idmançı beyin şişi xəstəliyindən əziyyət çəkirdi. Uşaqlıqdan boksla məşğul olan Emil 90-cı illərdə ABŞ-da peşəkar idman karyerasını uğurla davam etdirib.
Emin Ağayev - futbolçu karyerasına 1990-cı ildə başlayan, 2 il sonra Azərbaycanın ilk milli çempionatında "Neftçi"nin heyətində qızıl medal qazanan Emin ardından Rusiyaya yollanır. Onun 1993-cü ildən indiyə kimi bu ölkədə olan karyerası məhz "Anji"də başlayıb.
Müdafiəçi 1993-98-ci illərdə bu klubun heyətində Rusiyanın aşağı divizionunda 185 oyunda 10 qol vurub. Bu, Ağayevin Rusiyada ən yaxşı göstəricisidir. Belə ki, Emin sonradan "Torpedo-ZİL" (1999-2001, 70 oyun, 3 qol), "Ximki"də (2002-04, 68, 3), "Baltika" (2004, 11), "Dinamo" (Bryansk, 2005, 20), "Nosta" (2005, 10), "Nara-Desna" (2007, 27), "Volqa"da (2008-10, 90, 2) bu qədər oynamayıb. 20 illik futbolçu karyerasını kapitanı olduğu "Volqa"da bitirən Eminin Rusiyada karyerası daha çox aşağı divizionla bağlıdır.
Təsadüfi deyil ki, Emin bu ölkənin Premyer Liqasında yalnız 2001-ci ildə "Torpedo-ZİL"in heyətində 11 oyun keçirib. Yeri gəlmişkən, Ağayevin karyerasında uğurlardan biri 2000-ci ildə həmin Moskva təmsilçisinin heyətində Rusiya I divizionunun çempionu olmasıdır. Onun yüksək liqada yeganə çempionluğu 1992-ci ildə "Neftçi" ilə olub. Daha çox 2-ci divizionda oynayan Ağayev Rusiya çempionatında ümumilikdə 481 görüşdə (18 qol) meydana çıxıb. Bununla da Emini həmin ölkədə ən çox oyun keçirən legioner saymaq olar. O, Rusiyanın I divizionunda 224, II dəstəsində 146 oyun keçirib.
Əslində o, uzun illər yaşadığı Rusiyanın vətəndaşlığını qəbul etdiyindən, orada yerli futbolçu statusu daşıyırdı. Moskvada evi olan Emin karyerasının son illərində Ukraynanın paytaxtı Kiyevdə məşqçilik kursunu bitirərək, A kateqoriyasına sahib olub. Vətəndə "Neftçi" ilə yanaşı, "Olimpik"in heyətində yer alan Ağayev cəmi 6 ay oynayıb. 2006/07 mövsümünün ilk yarısından sonra Rusiyaya qayıdan Emin milli komandada 65 oyuna 1 qol vurub. O, uzun müddət seçmə mərhələlərdə ən çox oyun keçirən futbolçu idi. 2000-də "Futbol+" qəzetinin sorğusuna əsasən ilin ən yaxşı futbolçusu seçilmişdir. 38 yaşında futbolçu karyerasını bitirən Ağayev Anji Mahaçqala klubunun rəisi təyin olunub. Hazırda uşaq futbolu üzrə mütəxəssis kimi çalışır.
Nicat Rəhimov: O 1993-cü il Bakı şəhərində anadan olub. Nicat 2010-cu ilin may ayında İspaniyanın Valensiya şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutaraq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında birdən qaldırmada 134 kq çəkinin öhdəsindən gələn idmançı, təkanla 161 kq çəkini ram edib. Hər iki yanaşmada bütün rəqiblərini qabaqlayan Rəhimov ümumi nəticədə 295 kq qaldıraraq, Olimpiya çempionu adına layiq görülüb.
Daha sonra Nicat Rəhimovun əsas məşqçisi olan atası Əli Rəhimov müəyyən səbəblərdən onun çıxışının xaricdə davam etdirməsini istəyir. Əsas səbəblərdən biri kimi isə məşq üçün lazımi şəraitin olmamasını, Nicata qadağan olunmuş pereparatlar verildiyini bildirir. Beləcə, Qazaxıstana gedən atlet oranın bayrağı altında çıxış edir. Ötən il Yay Olimpiya Oyunlarında Mərkəzi Asiya dövlətinin turnirdə ilk qızıl medalını qazanmaqla tarixə düşür.
Modern.az